ASAIF Strasburq Forumu 11-12 Mart 2011

ASAIF Forum, Strasbourg, 11-12 March 2011

10-13 mart tarixlərində, Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurası Parlament Assambleyası və Avropa Şurası Gənclər Mərkəzində start götürmüş, Xaricdə Təhsil Alan və Məzun Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) 25 fərqli ölkədən 250 Azərbaycan gəncinin iştirakı ilə başa çatmışdır. Bu möhtəşəm tədbir Azərbaycanlı gənclərin bilik və bacarıqlarını artırmaq, şəbəkələşmə, lobbiçilik və diaspora fəaliyyətlərində aktiv iştirakla yanaşı müxtəlif mövzularda dövlət, media və biznes nümayəndələrindən yeni təcrübələrin öyrənilməsi və gələcək 10 ildə Azərbaycan Respublikasının davamlı inkişaf yolunda bu təcrübələrdən istifadə üçün təşkil olunmuşdur.

“Müstəqilliyimiz 20, Baxışlar 2020” devizi altında keçirilən tədbirdə iştirak hüququ qazanmış tələbələrin seçim prosesi forumda iştirak etmək üçün müraciət edən 40 fərqli ölkədə təhsil alan və məzun olmuş 800-dən artıq müraciətçi arasından edildi. Qeyd etmək lazımdır ki, forumda iştirak edən Azərbaycanlı gənclər dünyanın ən aparıcı universitetlərində təhsillərini davam etdirməklə yanaşı müvəqqəti yaşadıqları ölkədə Azərbaycanın maraqlarını təbliğ etmək, keçirilən aksiyalarda aktiv fəaliyyətləri ilə seçilirdi.

Forum çərçivəsində iştirakçılar ASAİF təşkilatının yaranma səbəbləri, bu yolda görülən işlər, vətənimizin maraqlarınn qorunması yolunda Azərbaycan gəncliyi üçün hazırlanmış tədbirlər və strateqiylar haqqında məlumatla tanış oldular. Bununla yanaşı iştirakçılar birbaşa olaraq dövlət rəsmiləri, səfirlər, media və biznes nümayəndələrinin iştirakı ilə təşkil olunmuş “Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yeni yolları”, “İnsan kapitalı – Azərbaycanın inkişaf prioriteti”, “Gənclik və İctimai Diplomatiya”, “Azərbaycançılıq- Gələcək naminə birlik” adlı dörd fərqli panel zamanı yeni fikirlərin yaranması və onların tətbiqi yolları haqqında fikirlərlə tanış oldular və eyni zamanda müstəqil fikirlərini belə bir platformada səsləndirmə imkanı əldə etdilər.

ASAİF-in təşkilatçılığı və Azərbaycan Hökümətinin dəstəyi ilə keçirilən forumun iştirakçıları Avropa Gənclər Mərkəzində qeydiyyatdan keçdikdən sonra Azərbaycanın Avropa Şurası yanındaki daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədovun 10 mart tarixində qeyri rəsmi salamlama mərasimi və qısa nitqi ilə qarşılandılar. Daha sonra tədbir iştirakçıları xüsusi hazırlanmış milli mətbəxin təamları ilə bəzədilmiş şam yeməyinə dəvət edildilər.

11 mart tarixində media nümayəndələrinin də iştirakı ilə Avropa Gənclik mərkəzinin ən böyük konfrans zalında başlayan tədbir ASAİF sədri Orxan Əkbərovun salamlama nitqi ilə başladı. Daha sonra açılış mərasimi ASAİF baş katibi Mikayıl Yusifovun ASAİF-in gələcək fəaliyyəti və əməkdaşlıq strateqiyası haqqında məlumatı ilə davam etdi. Açılış millət vəkili Ceyhun Osmanlının, Gənclər və İdman nazirliyinin şöbə müdiri Fərhad Hacıyev, Diaspora ilə iş üzrə dövlət komitəsinin sədri Vaqif Seyidbəyli, ASAİF həmtəsisçiləri Rüfət Əzizov, Elkin Nurməmmədov və Ülkər İsayevanın çıxışları və iştirakçıların suallarının cavablandırılması ilə davam etdi. Günün ilk yarısı Strasburq forumu iştirakçılarının ailə fotosu çəkilişi ilə davam etdi.

Günün ikinci hissəsi ASAİF sədri Orxan Əkbərov, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın Avropa Şurası yanındaki daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov, Türkiyənin Avropa Şurası yanında daimi nümayəndəsi, Avropa Nazirlər Komitəsinin sədri, səfir Daryal Batıbay, Avropa Şurasının Təhsil, mədəniyyət, irs, gənclər və idman komitəsi üzrə Baş direktoru Gabriella Battaini-Dragoni, Azərbaycan Respublikası Təhsil Naziri müavini Elmar Qasımov, Azərbayan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının sədri Bəhram Xəlilov, TÜRKPA Baş Katibi Ramil Həsənov və digər məsul şəxslərin çıxışları ilə davam etdi. Rəsmilərin çıxışları forum iştirakçıları tərəfindən bol alqışlar və maraqlı sualları ilə yadda qaldı.

Tədbir daha sonra Rusiyadakı Azərbaycan Gənclər Təşkilatının (AMOR) təqdimatı və birliyin sədri xanım Leyla Əliyevanın forum iştirakçılarına ünvanlanan təbrik məktubu ilə davam etdi. Bununla yanaşı “Xocalıya Ədalət” kampaniyasının təmsilçisi Nicat Məmmədli bu kampaniya haqqında, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Qarabağ Fondu”nun təmsilçisi Tural Kərimli isə fondun fəaliyyəti barədə iştirakçılara məlumat verdi. Daha sonra Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış türkiyəli jurnalist Cem Oğuz tərəfindən çəkilən “Qaçqın: Anar Usubovun uzun səyahəti” adlı film tələbə və iştirakçılarına diqqətinə təqdim olundu.

Çıxış zamanı filmin müəllifi Cem Oğuz belə bir ekran əsəri yaratmaqda əsas məqsədinin Xocalıda baş verənləri bütün dünyaya yaymaq olduğunu bildirdi.

Günün sonunda forum iştirakçıları şam yeməyi və Azərbaycan DJ-lər Assosiasiyasının sədri Mənsur Əhmədovun ifasında mədəni əyləncəli proqramın iştirakçısı oldular. Asudə vaxtlarını səmərəli dəyərləndirən forum iştirakçıları yeni şəbəkələrin qurulması və tələbələr tərəfindən müvəqqəti yaşadıqları ölkələrdə keçirilməsi nəzərdə tutulan tədbirlərin müzakirəsi ilə 11 mart proqramları başa çatdı..

12 mart tarixində – tədbirin rəsmi hissəsinin ikinci günündə isə proqram xüsusi olaraq əvvəlcədən planlanmış 4 fərqli panel üzrə davam etdi.

İlk panel mövzusu olan “Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yeni yolları” – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Səməd Seyidovun rəhbərliyi və Avropa Azərbaycan Cəmiyyətinin sədri cənab Tale Heydərov, APA İnformasiya Agentliyinin baş direktoru xanım Vüsalə Mahirqızı, Azərbaycan Respublikası Mərkəzi Bankının kommunikasiya departamentinin direktoru cənab Rüfət Abbasov, ASAİF həmtəsisçisi, “Xocalıya Ədalət” Kampaniyasının təmsilçisi Nicat Məmmədli, Xəzər Mühəndislər Cəmiyyəti icraçı sədri cənab Rüfət Əzizov və İctimai Televiziyanın şöbə müdiri Anar Yusifoğlunun qonaq qismində iştirakları ilə başladı. Panel ərzində Azərbaycanı beynəlxalq arenada ən effektiv şəkildə təmsilin yolları və bu prosesdə şəbəkələşmənin vacibliyi haqqında qonaqlar və forum iştirakçıları arasında maraqlı diskussiyalar baş tutdu. Eyni zamanda Azərbaycanın dünya mediasında daha effektiv təbliğ etməyin yolları birgə müzakirə edildi.

İkinci panel “İnsan kapitalı – Azərbaycanın inkişaf prioriteti” mövzusuna həsr olunmuş və Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru cənab Şahmar Mövsümovun rəhbərliyi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Ceyhun Osmanlının moderatorluğu ilə davam etdi. Panelin qonaqları qismində Azərbaycan Respublikası Təhsil Naziri müavini cənab Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri cənab Bəhram Xəlilov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası baş katibi cənab Elxan Məmmədov və ASAİF həmtəsisçisi, ASAİF idarə heyətinin üzvü, Azərbaycan Diplomatiya Akademiyasının baş müəllimi cənab Elkin Nurməmmədovun insan kapitalının Azərbaycanın davamlı inkişafında önəmi və bu mövzuda gənclərin fikirləri ilə davam etdi.

Üçüncü panel mövzusu “Gənclik və İctimai Diplomatiya” Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri cənab Elnur Aslanov və Azərbaycan Diplomatiya Akademiyasının dekanı cənab Fariz İsmayılzadənin moderatorluğu ilə davam etdi. Qonaq qismində iştirak edən Azərbaycan Prezidenti Administirasiyasının Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri cənab Həsən Məmmədzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Fuad Muradov, Türk PA-nın baş katibi cənab Ramil Həsənov, http://www.news.azportalının baş redaktoru, Yurd.tv direktoru cənab Elnur Baimov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədri Şahin İsmayılovun gənclərin ictimai diplomatiya sahəsində bilik və bacarıqlarının artırılması, gənclər tərəfindən bu mövzuda atılan addımların qısa xülasəsi və gələcəkdə izlənməli yolların sağlam təməlləri barədə ətraflı müzakirələr baş tutdu.

Sonuncu panel zamanı isə Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimovun rəhbərliyi və Azərbaycan Respublikası Prezident Administrasiyasının baş məsləhətçisi cənab Fərhad Məmmədovun moderatorluğu ilə “Azərbaycançılıq- Gələcək naminə birlik” adlı mövzu müzakirə olundu. Xəzər Universiteti idarə heyətinin sədri cənab Hamlet İsaxanlı, BMT-nin “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” Proqramının ölkə üzrə rəhbəri cənab Məzahir Əfəndiyev, “NOVCO” Şirkətlər Qrupunun prezidenti cənab Fərid Novruzi, QARANT Sığortanın direktoru Vaqif Həsənov, Trend və Day.az xəbər agentliklərinin direktoru İlqar Hüseynovun qonaq qismində qatıldığı panel cənab Azad Rəhimovun gənclərin Azərbaycanının uğurlu gələcəyi naminə birləşməsinin vacibliyindən və bu yolda atılan addımlara və Azərbaycançılığın təbliğində maraqlı gənclərə xüsusi təşəkkürünü bildirdi. Panel zamanı həmçinin müstəqilliyimizin 20 ili ərzində keçilən çətinliklər və doğru istiqamətlənmiş ideoloqiyanın vacibliyi forum iştirakçıları tərəfindən təqdirlə qarşılandı.

Daha sonra ASAİF Strasburq forumu gənclərin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov, Fransadakı səfirimiz Elçin Əmirbəyov, Avropa İttifaqı və Belçikada səfirimiz Emin Eyyubov, Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirimiz Fəxrəddin Qurbanv, Almaniyadakı səfirimiz Pərviz Şahbazov, Niderlanddakı səfirimiz Fuad İsgəndərov və Macarıstandakı səfirimiz Vilayət Quliyevlə görüşü ilə davam etdi. Səfirlərin təqdimatından sonra görüş gənclərin maraq dairəsindəki sualların cavablandırılması, səfirlərin iş təcrübələrinin paylaşılması, fikir mübadiləsi və Azərbaycanın müxtəlif ölkələrdə “mənəvi səfirləri” olan gələcək diplomatlara tövsiyyələri ilə başa çatdı.

Forumun yekunu Strasburq şəhərində Hilton otelində təşkil olunmuş şam yeməyi resepsiyonu və Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanınvə Jazz qrupunun ifasında konsert proqramı və pianoçu Emil Əfrasiyabın maraqlı ifası ilə yadda qaldı. Yekun tədbirdə ASAİF tərəfindən 2010-cu ildə fəallığı ilə fərqlənən gənclərə 4 nominasiya üzrə “Yaxşıların yaxşısı” plaketləri təqdim olundu. Ən yaxşı şəbəkə qurucusu adına York Universitetinin tələbəsi Ramin Hakimov, Ən fəal tələbə adına Mançester Universitetinin tələbəsi Raul Gülməmmədov, Ən yaxşı layihə adına Türkiyənin “Birlik” təşkilatının Xocalı Soyqırımına həsr olunan layihəsi, ən peşəkar gənc adına isə mühəndis Vüqar Səmədli layiq görüldü. Daha sonra ASAİF tərəfindən layihənin həyata keçirilməsində dəstək olmuş qurumlara Təşəkkür Plaketləri təqdim edildi.

Qeyd etmək lazımdır ki, 3 gün davam edən bu tədbir gənclərimiz aasında yeni əlaqələrin qurulmasında və gələcək şəbəkələşmə üçün atılan ilk addımlara təkan olmaqla yanaşı, yeni fikir məktəbi, gələcək liderlərin inkişafında xüsusi addım olaraq iştirakçıların xatirəsində və gələcək fəaliyyətlərində xüsusi rola malik olacaq. Tədbir zamanı dünyanın ən önəmli universitetlərində təhsil alan və məzun olmuş gənclərin aktivliyi, vətənə sevgisi və gələcək fəaliyyətlər üçün əvvəlcədən göstərilən əzmkarlığı xüsusi olaraq qeyd olundu. Bu isə öz növbəsində Azərbaycan Respublikasının 2020-ci il inkişaf hədəfinə çatmaqda gənclərin vacibliyini və parlaq gələcəyin qaçınılmaz olduğunu göstərməkdədir. Tədbir iştirakçıların xüsusi arzusu isə bu kimi tədbirlərin Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından sonra Xankəndi, Şuşa və Laçın kimi torpaqlarımızda keçirilməsi və o torpaqlarda böyüyəcək gənclərin dövlətimizin suverenliyini və inkişafını qoruyacaq fərdlər olaraq yetişməsi oldu.

Şübhəsiz ki, bu tədbir xaricdə təhsil alan və məzun olmuş Azərbaycan gəncləri arasında varolan əlaqələrin gücləndirilməsi və Azərbaycanın sürətli inkişafı naminə daha güclü bir insan kapitalının formalaşması baxımından müstəsna əhəmiyyət daşıyacaq, gənclərimizin milli birlik və dövlətçilik ideyası ətrafında konsolidasiyasında xüsusi təkan olacaqdır.

This entry was posted in Azerbaijan and tagged , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s