Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

2010-cu il arxada qalır. 2010-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. Baxmayaraq ki, 2010-cu ildə dünyada iqtisadi və maliyyə böhranı hələ də davam edirdi, Azərbaycan 2010-cu ildə böyük uğurlara nail olmuşdur. Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir, bir sözlə, 2010-cu ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirildi. İqtisadiyyatımız təxminən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artmışdır, inflyasiya cəmi 5,7 faiz təşkil etmişdir. Ölkəmizə 15 milyard dollar sərmayə qoyulmuşdur, bizim valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard dollara qalxmışdır. Bütün bunlar, bu nəticələr onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur, Azərbaycanın seçdiyi yol tərəqqi və inkişaf yoludur.

2010-cu ildə sosial sahədə böyük işlər görülmüşdür. 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmişdir, 5 Olimpiya-İdman Mərkəzi tikilmişdir. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi qaldırılmışdır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu, onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Ancaq bununla bərabər, güclü sosial siyasət bizim əsas vəzifəmizdir.

2010-cu ildə ölkəmizdə siyasi proseslər müsbət istiqamətdə inkişaf etmişdir. Azərbaycanda demokratiyanın inkişafı yolunda böyük və uğurlu addımlar atılmışdır. 2010-cu ildə Azərbaycanda parlament seçkiləri şəffaf, ədalətli şəkildə keçirilmişdir. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə öz əksini tapmışdır. Bu, onu göstərir ki, biz nəinki iqtisadi sahədə çox böyük uğurlara nail olmuşuq, eyni zamanda, siyasi islahatların aparılması işində Azərbaycan çox uğurla inkişaf edir. Bu, bizə imkan verir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkəmiz sözün əsl mənasında, müasir dövlətə çevrilsin və bu istiqamətdə atılmış addımlar bizi ruhlandırır.

Xarici siyasət sahəsində 2010-cu ildə böyük uğurlara nail olduq. Bizim dostlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz həm ikitərəfli müstəvidə, həm regional formatda, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparırıq. Beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz artıq oturuşmuş əlaqələrdir, qarşılıqlı hörmət, qarşılıqlı inam, qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlərdir.

2010-cu ildə Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox əhəmiyyətli və ədalətli qətnamə qəbul etmişdir. Beləliklə, münaqişənin həlli ilə bağlı gedən işlərdə bizim siyasi və diplomatik mövqelərimiz daha da möhkəmləndirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunsun. Bizim ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt bizim əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəkdir. Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr bizim tarixi torpaqlarımızdır. İkinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcəkdir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağda yaşayan əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşayacaqlar və bu, məsələnin həlli üçün yeganə variantdır.

2010-cu ildə ölkəmizdə böyük infrastruktur layihələri icra edilmişdir. Nəqliyyat sektorunda, inşaat sektorunda, elektrik enerjisi güclərinin yaradılması işində böyük və önəmli addımlar atılmışdır. 2010-cu ildə Bakıda böyük gəmiqayırma zavodunun tikintisi başlamışdır. Bakıda Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi başlanmışdır. Bu layihələr bölgədə gedən əməkdaşlıq proseslərinə çox güclü təkan verəcək, Azərbaycanın qeyri-neft sektorunun inkişafına çox müsbət təsir göstərəcək və ölkəmizin inkişafına xidmət edəcəkdir. Bütün bu layihələr böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Ancaq iqtisadi vəziyyətimiz imkan verir ki, biz bu layihələri öz gücümüzlə, öz pulumuzla icra edək.

2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatmışdır. Bu, ölkəmiz üçün tarixi bir hadisədir. Yeni böyük su kəməri Bakını təmiz, keyfiyyətli içməli su ilə təmin edəcək və Bakının demək olar ki, əsas problemlərindən biri olan su təchizatının yaxşılaşdırılmasına böyük töhfə verəcəkdir. Bu tarixi layihənin həyata keçirilməsi Azərbaycan xalqının, Azərbaycan dövlətinin böyük uğurudur və bir daha onu göstərir ki, bizim siyasətimiz insanların yaşayış səviyyəsinin qaldırılmasına, rifah halının yaxşılaşdırılmasına yönəldilibdir.

Bildiyiniz kimi, 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdir. Bu, sadəcə olaraq şüar naminə atılmış bir addım deyildi. Sözün əsl mənasında, biz 2010-cu ildə ekoloji məsələlərin həlli ilə çox ciddi məşğul olurduq. Mən əminəm ki, bundan sonrakı illərdə də bu məsələ daim diqqət mərkəzində olacaqdır. Təkcə bir il ərzində görülmüş işlər və irəli sürülmüş təşəbbüs nəticəsində Azərbaycanda 6 milyondan çox ağac əkilmişdir. Bu, tarixdə misli görünməmiş bir nəticədir. Biz ilin əvvəlində qarşıya hədəf qoymuşduq ki, 3 milyon ağac əkilsin. Ancaq 6 milyon ağacın əkilməsi onu göstərir ki, hər bir bölgədə, hər bir kənddə insanlar bizim təşəbbüsümüzə qoşularaq Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına öz töhfələrini vermişlər.

Əhalini, xüsusilə çaylar boyu yerləşən kəndlərdə yaşayan insanları içməli su ilə təmin etmək üçün təmizləyici qurğular tikilmişdir. Artıq o çaylar boyu yerləşən kəndlərdə yaşayan 300 min Azərbaycan vətəndaşı təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təchiz edilir.

2010-cu ildə bizim iqtisadiyyatımızın aparıcı sahəsi olan neft-qaz sektorunda da böyük uğurlar əldə edilmişdir. Ölkəmizdə 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Biz dünyanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz töhfəmizi veririk. Azərbaycan çox etibarlı tərəfdaşdır və bizim neft-qaz resurslarımız ölkəmizi, ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda, bizim beynəlxalq mövqelərimizi də gücləndirir. 2010-cu ildə Azərbaycanda böyük qaz yatağı kəşf edilmişdir. “Ümid” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdir və bu yataq bizim enerji potensialımıza böyük dəstək verəcəkdir. Artıq yatağın aşkarlanması dünyada böyük səs salıb və Azərbaycanın enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün bu hadisənin böyük əhəmiyyəti olacaqdır.

Əziz dostlar, bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Mən dünyada yaşayan bütün soydaşlarımızı bu bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü, qüdrətli, müasir, azad Azərbaycan dövləti dayanır. Azərbaycan onların dayağıdır, onların arxasıdır. Onlar da yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edirlər və ölkəmizin maraqlarının təmin edilməsinə gündəlik fəaliyyətləri ilə öz töhfələrini verirlər. Dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, Azərbaycan dövləti daim onlarla bərabərdir, onların fəaliyyətini izləyir, onların qayğıları ilə yaşayır. Dünyada mövcud olan Azərbaycan diaspor təşkilatları da öz səmərəli fəaliyyətləri ilə bizim gücümüzü artırırlar.

Əziz dostlar, 2010-cu ildə ölkəmizdə, ölkəmizin paytaxtında çox əlamətdar hadisə baş vermişdir. Bakıda Dövlət Bayrağı Meydanı yaradılmışdır və dünyanın ən böyük, ən hündür bayrağı Bakıda ucaldılmışdır. Bizim bayrağımız milli rəmzimizdir, dövlət rəmzimizdir, qürur mənbəyimizdir. Bizim bayrağımız bu gün işğal edilmiş torpaqlarda qaldırılmalıdır və qaldırılacaqdır. Şuşada, Xankəndidə bizim milli bayrağımız dalğalanmalıdır və dalğalanacaqdır. Bu günü biz hamımız yaxınlaşdırmalıyıq, bu günə biz hamımız nail olacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan dövləti bundan sonra da ancaq və ancaq inkişaf və tərəqqi yolu ilə gedəcəkdir.

Bir daha sizi bu gözəl bayramlar münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram.

Bayramınız mübarək olsun!

This entry was posted in Azerbaijan and tagged , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s