“İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlının Milli.Az xəbər portalına müsahibəsi

Ceyhun Osmanli

– Ceyhun bəy, Azərbaycanın həm maliyyə cəhətdən, həm də üzvlərinin sayı baxımından ən böyük gənclər təşkilatı olan “İrəli”nin sədri kimi, ölkə gənclərinin ictimai-siyasi fəallığı sizi nə dərəcədə qane edir?

– Mənim faktlarla, rəqəmlərlə danışmaqdan xoşum gəlir. Bu baxımdan gənclərin siyasi fəallığının göstəricisi seçkilərdir. Son bələdiyyə seçkilərini misal gətirəcəyəm. 2009-cu ilə qədər ölkədə olan 21 min bələdiyyə üzvünün cəmi 500-ü gənclər idi. Bu da heç 2 faiz etmirdi. Həmçinin bələdiyyə sədrləri arasında, heç bir faiz gənc yox idi. Amma ötənilki bələdiyyə seçkilərinə nəzər salsaq, daha fərqli mənzərənin şahidi olarıq. Keçirilən islahatlardan sonra 21 mindən 15 600-ə enən bələdiyyə üzvlərinin 4300-ü gəncdir. Bu da təxminən 27 faizdən çox bir göstəricidir. İndi özünüz gənclərin son illərdə nə qədər siyasi aktivlik göstərdiyini müşahidə edin. 2 faizdən 27 faizə qədər yüksələn bir dinamika var. Sırf bələdiyyə sədrlərini götürdükdə isə bu gün 300 nəfərdən çox sədr gəncdir. Yəni, bu rəqəmlərin özü gənclərin siyasi aktivliyinin hansı dərəcədə olduğunu sübut edir.

“Gənclərin tələbləri heç vaxt bitmir”

– Bəs gənclərin siyasi proseslərə təsiri hansı vəziyyətdədir?

– Məsələyə proseslərə təsir baxımından baxsaq, görərik ki, gənclər proseslərin fəal iştirakçısı olmaq istəyirlər. Ən yaxşı təsir proseslərin içində olub, çiynini cəmiyyətdə və dövlətdə olan işin altına verib inkişaf üçün səy göstərməkdir. Bu baxımdan baxsaq bu gün gənclərimiz dövlət, parlament, biznes,media, bələdiyyə – bir sözlə hər yerdə təmsil olunub. Təbii ki, hər bir görülən iş öz növbəsində yeni imkanlar və perspektivlər açır. Odur ki, məqsəd olduğu müddətcə, iş görmək arzusu olduğu müddətcə gənclərin tələbi də heç bitmir. Əsas odur ki, insan doğulandan dünyasını dəyişənədək özünü ardıcıl olaraq  inkişaf etdirməsi üçün və realizə etməsi üçün şərait və sağlam mühit olsun. Bu gün də Azərbaycanın timsalında gənclərimizin müstəqil dövləti var. Bu dövlətin gənclərimiz üçün istər ölkə daxilində, istərsə də xaricində yaratdığı çox saylı imkanlar var. Yetər ki, gənclərimiz peşəkarlığı və fəal vətəndaşlığı qarşıya məqsəd qoysun.

“Bir qrup insan aksiyalardan siyasi şou yaratmaq istəyir”

– Ceyhun bəy, bəzən bir qrup gənc aksiya keçirməyə cəhd göstərirlər. Sizcə, o gənclərin istəyi nədir?

– Bilirsiniz, biz plüralist cəmiyyətdə yaşayırıq. Bu baxımdan deyə bilmərik ki, hər kəs eyni düşünsün. Odur ki, o baxır aksiyanın məqsədinə…Məsələn, aprelin 30-da Neft Akademiyasının qarşısındakı etirazları nəzərdə tutursunuzsa, mən, açığı, anlaya bilmədim. Üstündən 1 il keçmiş bir faciənin üzərindən siyasi xal qazanmaq istəyən bir qrup insanın qanunu pozaraq, yürüş keçirmək istəyirdi. Mən deməzdim ki, bu aksiya gənclərin təşəbbüsü idi… Bir qrup insan bu aksiyalardan siyasi şou yaratmaq istədi. Təəssüf ki, bəzi gənclər də bu şouya qoşularaq, digər bir qrup adamın oyununda alətə çevrildi. Çox istəyərdim ki, həmin adamlar təəssübkeşliklərini Neft akademiyasında həlak olanların məzarlarını ziyarət edərək, onların yaxınlarına təsəlli verərək edəydilər.

Üstündən bir il keçsə də, hələ də bu faciəni qabardaraq, öz siyasi oyunlarına vasitə eləmək məqsədilə aksiya keçirirlər. Deyirlər ki, Gül bayramı keçirməyək… axı niyə?! Onda bu adamların məntiqi ilə belə çıxır ki, 1 gün qabaq olan 9 may – Qələbə günü də olmasın?!….
Əslində bir şeyi deyim ki, bizim matəmə qərq olmağımızı, pessimizmə qapılmağımızı istəyən adamlar bizim düşmənlərimizdir. Ancaq düşmən istəyər ki, sən gələcəyə baxmaq haqda, inkişaf haqda düşünməyəsən və özünə qapanasan… Bunu ancaq destruktiv insanlar düşünə bilər.

10 may isə Azərbaycan xalqının müasir dövrdə cibində milli pasport daşımağının səbəbkarı olan bir insanın, Azərbaycan xalqının ən böyük sərvəti olan müstəqil dövlətçiliyimizin və dövlətimizin qurucusunun, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtaran bir şəxsin doğum günüdür. Belə bir gündə nəyə görə biz gənclər müsbət ab-havada olmamalıyıq?! Bunu birmənalı qəbul etməliyik ki, Ulu Öndərimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir.

O ki qaldı gül bayramına, dünyada bir çox fərqli adda bayramlar keçirilir, həmçinin Azərbaycanda. Misalçün, noyabr ayında Göyçayda Nar Bayramı keçirilir. Ona da etiraz etsinlər ki, niyə Nar Bayramı keçirilir?! Etiraz etsinlər ki, niyə Novruz Bayramı, Yeni il, Ramazan Bayramı keçirilir? Əgər bu gün ölkənin paytaxtı və rayonlarından milyonlarla insan o güllərə baxmağa gəlirsə, deməli insanlar bu bayramı istəyir, deməli Gül Bayramı baş tutur və insanlarımıza xoş əhval-ruhiyyə bəxş edir. Yaxşı, bu qədər maraq varsa, nəyə görə bu olmamalıdır? Kim etiraz edirsə, narazıdırsa, gəlməsin bu bayrama.

Əslində isə etirazların Neft Akademiyası və Gül bayramı ilə heç bir əlaqəsi yoxdur. Məqsəd bəllidir. Qarşıdan gələn parlament seçkiləri öncəsi bəzi siyasi qüvvələr hər hansı bir yol tapıb gündəmə gəlmək istəyirlər. Bilirlər ki, ənənəvi yollarla gəlsələr, heç nə alınmayacaq. Təsəvvür edin ki, son 5 ildə bu müxalifət qüvvələri yeni, kreativ bir təşəbbüslə yadda qalmayıb. Bu cür etiraz aksiyaları ilə də gündəmə gəlməyə, siyasi şou yaratmağa çalışırlar. Təəssüflər olsun ki, bir qrup insan da buna aldanaraq, siyasi kələklərin qurbanı olur.

“…Bizdə etiraz mədəniyyəti formalaşmayıb”

– Ceyhun bəy, sizcə Azərbaycan gənclərində və ya ümumiyyətlə, cəmiyyətimizdə etiraz mədəniyyəti formalaşıbmı? İnsanlarımız nəyə, harda, necə etiraz etməyi bilirmi?

– Əgər insanlar etiraz deyəndə, nəzərdə tuturlarsa ki, çıxıb küçədə polislə əlbəyaxa olacaqlar, tutulub polis şöbələrinə aparılacaqlar, sonra da oradan çıxanda qəhrəman pozası verəcəklər, mən deyərdim ki, yox, bizdə etiraz mədəniyyəti formalaşmayıb. Bir dəfə bir aksiyaya rast gəlmişdim. Əmin idim ki, həmin aksiya üçün müraciət edilsə, ona icazə veriləcək. Çünki kifayət qədər ciddi sosial mövzunu əhatə edirdi. Amma o aksiya üçün icazə alınmadı və icazəsiz baş tutdu. Polis də öz növbəsində həmin aksiyaya müdaxilə etdi, bir neçə nəfəri saxladı. Mən həmin aksiyaçılardan soruşdum ki, niyə icazə almadınız? Mənə dedilər ki, icazə verilsəydi, aksiya daha sönük keçəcəkdi. Amma üzvlərimizin polis tərəfindən saxlanması aksiyanın daha geniş kütləyə çatdırılmasına imkan verdi. Bu da onu göstərir ki, insanlarımızda hələ də etiraz mədəniyyəti yoxdur. Amma bəllidir ki, aksiya keçirməyin sivil formaları var.

“Etiraz, bir vətəndaşlıq normasıdır”

– Ceyhun Osmanlı axırıncı dəfə nəyə, nə vaxt etiraz edib?

– Mən tez-tez etirazımı bildirirəm. Görəndə ki, yanımdakı adam ictimai normanı pozur, o adama etirazımı bildirirəm. Etiraz, əslində bir vətəndaşlıq normasıdır. Əgər bir qanunsuzluğa yol verənə və cinayətkara vaxtında etiraz edə bilməsək, onun fəsadlarından hər kəs, o cümlədən biz özümüz də əziyyət çəkəcəyik. Çünki cəmiyyət bir sinerji içindədir.

– Bəs ən böyük etirazınız nəyə olub?

– Bilmirəm buna nə dərəcədə “mənim etirazım” deyə bilərəm, amma yadımdadır ki, 88-89-cu illərdə Xalq Hərəkatı zamanında, 20 yanvar hadisələri zamanı ailəmlə birlikdə o kütləvi mitinqlərdə iştirak etmişəm. O zaman mənim 7-8 yaşım var idi. Əslində o, tam olaraq mənim etirazım deyildi, valideynlərimlə birlikdə gedirdim. Böyük etirazım bunlar olub. O zamandan da bu yana mənim üçün ən yaxşı iş fəal vətəndaş olmağım olub. Bilirsiniz, insanın öz doğruları olmalıdır və öz doğrularının dalınca getməyi bacarmalıdır. Hesab edirəm ki, öz doğrularımı seçmək üçün kiminsə aksiyasında iştirak etmək məcburiyyətində deyiləm. Əsas odur ki, insanın öz vətəndaşlıq mövqeyi olsun.

Sonuncu dəfə Xocalı Soyqırımı ilə bağlı Avropanın 11 şəhərində “İRƏLİ” İctimai Birliyi olaraq etiraz aksiyaları təşkil etmişik… Bunu da sualınıza cavab olaraq qəbul edə bilərsiniz.

“Təhsilimizdə köhnə fikirli adamların sayını azaltmaq lazımdır”

– Siz, həm Azərbaycanda, həm də xaricdə təhsil almış biri kimi, Azərbaycan təhsili ilə Qərb təhsili arasında fərqlərin nələrdən ibarət olduğunu düşünürsüz? Qərbin təhsilinə 10 ballıq şkala üzrə 10 bal versək, Azərbaycan təhsilinə neçə bal vermək olar?

– Bunu müəyyənləşdirməyin çox asan yolu var. Götürün siyahını, dünyanın ən aparıcı 100 universitetinə baxın. Dünyanın aparıcı 100 universiteti arasında bir dənə də olsun Azərbaycan universiteti yoxdur. Bunun özü artıq bir siqnaldır ki, biz çox çalışmalıyıq. Təhsil prosesində real inkişafa nail olmaq vaxtaparan məsələdir. Hətta ABŞ alimləri uğurlu bir islahat üçün 156 kriteriya müəyyən ediblər.  Nəzərə alınmalı çox amillər var. Lakin bir məsələ də var ki, bəzən inkişafa nail olmaq üçün yeni bir şey icad etməyə ehtiyac yoxdur. Bu gün dünyada uğurla sınaqdan keçmiş təhsil modelləri var. Nə qədər gec deyil biz bu modellərdən Azərbaycanda daha çox və kütləvi tətbiq etməliyik. Bu gün bəzi ali və orta təhsil ocaqları işində qabaqcıl təcrübə ilə ayaqlaşıb, təəssüflər olsun ki, əksəriyyəti isə hələ də öz işini günün tələbinə uyğun qura bilməyib. Bu gün təhsildə həm peşəkar təhsil menecerlərinə, həm də müasir və peşəkar pedoqoqlara geniş ehtiyac var.

– Onda belə çıxır ki, problem pedaqoqlarımızdadır?

– Pedaqoq problemi ilə yanaşı menecmentdə də problem var. Bizdə təəssüflər olsun bəzi adamlar hələ də elə hesab edir ki, yaxşı müəssisəni vəya yaxşı məktəbi qocaman insanlar, dost-tanışlar, həmkəndlilər idarə etməlidir. Xeyr,  ümumiyyətlə, hər hansı müəssisəni yaxşı menecer idarə etməlidir… Yaxşı menecer özü bilir yaxşı müəllimi, yaxşı həkimi haradan gətirmək lazımdır və hansı şərtlərlə mövcud şəraitdə daha yaxşı nəticə əldə etmək mümkündür. Sən çox yaxşı, çox savadlı alim ola bilərsən, amma sənin heç bir idarəetmə qabiliyyətin olmaya bilər və səndən asılı olan minlərlə insanın inkişafına əngəl ola bilərsən. O baxımdan, bu gün Azərbaycan təhsilinin inkişafı modern idarəetmədən asılıdır. Təhsilimizdə bu gün köhnə fikirli insanların sayını azaltmaq lazımdır. Bunu birmənalı olaraq deyirəm. Bu gün Azərbaycanda kifayət qədər peşəkar pedoqoq var. Sadəcə doğru adama, doğru məvaciblə, doğru səlahiyyət vermək lazımdır. Təhsildə islahatlar qaçılmazdır. Əgər 5 yüz nəfərin dərs verməli olduğu ali məktəbdə 5 min insan dərs verirsə, deməli 5 yüz insanın almalı olduğu məvacib 5 min yerə bölünür. Lakin bu belə olmamalıdır. Dərsi ən yaxşı və seçilmiş pedoqoqlar deməlidir. Onlar da verdiyi yüksək səviyyəli xidmətə görə yüksək məvacib almalıdır. Təhsilimiz qocalıb, onu gəncləşdirmək lazımdır. Yaxşı nümunələr var ortada… Məsələn Azərbaycan Diplomatiya Akademiyası…. Orada 28-30 yaşlı doktorluq işini müdafiə etmiş gənc və peşəkar müəllimlərə rast gəlmək mümkündür. Belə nümunələrdən hər kəs bəhrələnməlidir.

“Misir müəllim ətrafına geniş vizyona sahib təhsil menecerlərini toplayaraq bu çətin işin öhdəsindən gələcək”

– Ceyhun bəy, problemin idarəetmədə olduğunu deyirsiniz. Bizim təhsilimizin idarəedicisinin və ya menecerinin Təhsil naziri Misir Mərdanov olduğunu nəzərə alsaq, sizcə, o, necə menecerdir?

– Problem tək idarəetmədə deyil. Problem həm də cəmiyyətin məsələyə münasibətindədir. əgər bir valdeyn özü müəllimə pul vəya hədiyyə təklif edirsə ki, övladının təhsil almamasına göz yumsun – bu faciədir. Ümumiyyətlə, dövlət sektoru elə bir sahədir ki, onu özəl sektorun idarəedilməsi ilə qarışdırmaq olmaz. Lakin fəaliyyət sahəsindən asılı olmayaraq son məqsəd və hədəf aydın olmalıdır. Məncə Azərbaycan təhsil sisteminin son illər infrastrukturu tamamilə yeniləşdi. Azərbaycanda təhsilinin son 300 illik tarixinə baxsaq görərik ki, əgər son 5 ilə qədər təxminən 2800 məktəb tikilmişdisə, təkcə son 5 ildə 1800 yeni məktəb tikilmiş və yenidən qurulmuşdur. Artıq Təhsil Qanunu da qəbul olunmuşdur. İndi isə  təhsildə ciddi bir insan kapitalına sərmayə qoymağın, təhsilə daha çox peşəkarların cəlb olunmağının, təsadüfi insanların təhsildən uzaqlaşdırmağın vaxtı çatmışdır. Hesab edirəm ki, indi Misir müəllim ətrafına geniş vizyona sahib peşəkarları, təhsil menecerlərini toplayaraq bu çətin işin öhdəsindən də gələcəkdir. Çünki yalnız yaxşı kadrlar bütün problemlərin açarıdır. Lakin təhsil elə bir sahədir ki, burada bir insandan hər şey gözləmək sadəlövhlük olardı. Bütün cəmiyyətin bu məsələyə şuurlu münasibəti olmalıdır.

– Sizcə, bu yolda elementlərdən hansı çatışmır?

– İradə…Kadrları üzə çıxarmaq üçün mexanizmlər qurmaq lazımdır. Bu gün istənilən sahəyə nəzər salsaq, həddən artıq peşəkarlaşmış insanlar, o cümlədən gənclər nəzərə çarpır. O gəncləri inkişaf prosesinə cəlb etmək lazımdır. Müəyyən sahənin adamları da, həmin gəncləri işə cəlb edərkən, bir az iradəli olmalıdır. Fikirləşməməlidir ki, həmkəndlimdir, kiminsə qohumudur, tanışıdır. Hansı sahədə ki, idarəetmə yaxşıdır, o sahədə problem yoxdur. Amma əmin olun ki, problemlərin mövcud olduğu bütün sahələrdə idarəetmə problemi var. Heç bir insan öz çalışdığı sahədə problemlərin mövcudiyyəti ilə barışmamalıdır. Problem varsa həll etmək lazımdır. Problemi görmək üçün isə konstruktiv tənqidə açıq olmaq lazımdır. əgər biri xəstələnibsə və ətrafdakılar onu sağaltmaq üçün tədbir görmək əvəzinə deyirlərsə ki, “hər şəy yaxşıdır” o zaman xəstə sağalmayacaq. Yuxarıdakı halda isə konstruktiv tənqidlər xəstəyə vaxtında qoyulan diaqnoz və düzgün dərman resepti funksiyasını daşıyır.

– Kadrlardan söz düşmüşkən, parlamentdə də deputatlar arasında orta və yuxarı yaş həddi yüksəkdir. Gənclərin seçki prosesinə marağını da nəzərə alsaq, sizcə, builki seçkilərdə bu yaş həddi aşağı düşəcəkmi?

– Söhbət yaşlı vəya cavan olmaqdan getmir. əsas odur ki, insanın baxış bucağı, vizyonu geniş olsun. Elə yaşlı var ki, min gəncdən daha müasirdir, elə gənc var ki, min yaşlıdan daha geri düşüncəlidir. Biz Parlamentdə ən peşəkarları və xalqımızı ən yaxşı şəkildə təmsil edəcək insanları görmək istəyirik. Amma düşünürəm ki, böyük ehtimalla, builki seçkilərdə gənclər aktiv olacaq. Son illərdə Azərbaycan Respublikası Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin intibah dövrünü yaşayır. Ölkəmiz keçid dövrünü geridə qoymuş, inkişaf etməkdə olan ölkələr sırasına qədəm qoymuşdur. İndi isə Cənab Prezident həm dövlətimizin, həm də xalqımızın qarşısında yeni hədəf qoymuşdur – İnkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək, inkişaf etməkdə olan xalqdan, inkişaf etmiş xalqa çevrilmək… Azərbaycanda elmə əsaslanan cəmiyyət qurmaq yolu Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxarmaq… Məncə parlament seçkiləri də bu yolda növbəti halqalardan birini təşkil edir.

– Bir zamanlar sədri olduğunuz “Könüllülər” İctimai Birliyi millət vəkili Fuad Muradovun rəhbəri olduğu Gənclər Təşkilatları Milli Şurasından çıxmışdı. Nə idi onun səbəbi? Fuad Muradovla münasibətləriniz indi hansı səviyyədədir?

– Fuad Muradov önəmli bir təşkilatın rəhbəridir. Gənclər Təşkilatlarının Milli Şurası iki önəmli platformada təmsil olunur – Avropa Gənclər Forumu və BMT-nin İqtisadi və Sosial Şurası. Biz istəyirik ki, onlar orada daha aktiv olsunlar, əllərində olan tribunalardan daha yaxşı istifadə etsinlər. Bu ay BMT-nin Cenevrə ofisində Qarabağla bağlı dinləmələr keçirilir. Mən təklif edirəm ki, Milli Şuranın üzvləri getsinlər Cenevrədə BMT-nin İqtisadi və Sosial Şurasının mandatının verdiyi imkanlardan istifadə edərək Azərbaycanın mövqeyini müdafiə etsinlər. Mən hər bir Azərbaycan gəncinin və Azərbaycan təşkilatının dirçəlişini və inkişafını arzu edirəm, o cümlədən Fuad Muradov və Milli Şuranın…

– “İrəli” olaraq, builki seçkidə nə etmək məqsədindəsiniz?

– Bizim məqsədimiz ilk öncə bələdiyyə seçkilərində olduğu kimi insanlarımızı seçki ilə bağlı maarifləndirmək, onları seçkilərdə fəallığa səsləməkdir. Biz gənclərimizin seçkilərdə həm aktiv, həm də passiv iştirakını dəstəkləyəcəyik. Seçkilər demokratiyanın güzgüsüdür. Seçkilər necə keçirsə, ölkənin demokratik indeksi də ona bərabər olur.

– Bəs siz necə, parlament seçkisində deputatlığa namizədliyinizi verəcəksiniz?

– Parlament seçkiləri payızda keçiriləcək. İndi isə yazdır. Odur ki, düşünməyə hələ tam bir yay fəsli var.

Anar Gəraylı
Milli.Az

This entry was posted in Azerbaijan, IRELI PY and tagged , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s