President Ilham Aliyev attended inauguration of new building of Azerbaijan State Economic University

8 oktyabr. Prezident İlham Əliyev, ilk оlaraq, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, binanın kitabxanasına, tədris-treyninq laboratоriyalarına baxış keçirdi.

Dövlət başçısı tələbə və müəllim heyəti qarşısında nitq söylədi.
Prezident ölkədə təhsil sahəsində aparılan uğurlu islahatlardan danışdı və gələcəkdə də bu işlərin davam etdirilməsinin zəruriliyini vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, təhsil bizim gələcəyimizdir və ölkənin inkişaf perspektivlərini müəyyən edən sahədir.

makeim.jpeg

Prezident İlham Əliyevin nitqi
– Əziz müəllimlər!

Əziz tələbələr, əziz dostlar!

Mən sizin hamınızı Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusunun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.

Bu gün universitetin həyatında çox gözəl və əlamətdar bir gündür. Yeni gözəl korpus tələbələrin sərəncamına verilir. Mən bu gün bu gözəl bina ilə hərtərəfli tanış oldum və gördüm ki, sözün əsl mənasında, ən yüksək dünya standartlarına cavab verən binadır. Bunun xarici görünüşü çox gözəldir və ən önəmlisi isə, burada quraşdırılan avadanlıq ən müasir tələblərə cavab verir. Bu, çox vacibdir. Çünki ölkəmiz müasirləşir, dünya birliyinə inteqrasiya edir, Azərbaycanın iqtisadi potensialı artır. Biz çox istəyirik ki, gənc nəsil dünyanın ən müasir standartlarına cavab verən şəraitdə oxusun, bilikli, savadlı olsun.

Azərbaycanda indi ali məktəblərdə böyük quruculuq işləri gedir. Bu yaxınlarda Azərbaycan Dövlət Tibb Universitetinin yeni terapevtik klinikasının təməl daşını qoyduq. Başqa ali məktəblərdə də buna oxşar proseslər gedir. Yəni Azərbaycanda bütövlükdə təhsil sahəsi müasirləşir, yeniləşir. Həm təhsilin maddi-texniki bazası möhkəmlənir, həm də tədris prosesi müasirləşir. Bu sahəyə çox böyük diqqət verməliyik. Maddi-texniki bazanın möhkəmləndirilməsi işlərində Azərbaycanın iqtisadi imkanları, ildən-ilə artan büdcəmiz, investisiya xərclərinin artırılması aparıcı rol oynayır. Əlbəttə, dövlət siyasəti ondan ibarətdir ki, ilk növbədə, təhsil sahəsinə böyük diqqət göstərilir. Ancaq tədris prosesinin təkmilləşdirilməsi, əlbəttə ki, sizdən – müəllimlərdən asılıdır, rəhbərlikdən asılıdır. Mən istəyirəm ki, həm maddi-texniki bazanın möhkəmləndirilməsi, həm də tədris prosesinin müasirləşməsi paralel şəkildə aparılsın. Məhz o təqdirdə biz istədiyimizə nail ola biləcəyik. Tələbələr yaxşı şəraitdə oxuyacaqlar. Müəllimlərin iş şəraiti yaxşı olacaq və bilikli gənc nəsil yetişəcəkdir. Bax, bu binada, İqtisad Universitetinin yeni korpusunda bütün bunlara nail olmaq mümkündür. Bu binanın timsalında demək olar ki, Azərbaycanın bütövlükdə təhsil sahəsindəki inkişaf strategiyası həyatda öz əksini tapır.

Burada informasiya-kommunikasiya texnologiyalarına çox böyük yer ayrılıbdır. Bu gün mən Moskva Dövlət Universitetində, Bilkənd Universitetində Azərbaycan gəncləri ilə, orada oxuyan tələbələrlə video-bağlantı yaratdım. Eyni zamanda, Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə də. Yəni bunlar gözəl imkanlardır. Kitabxana ilə tanış oldum, dünyanın istənilən aparıcı ali məktəblərinin kitabxanalarına daxil olmaq mümkündür, bu imkanlar var. Beləliklə, burada oxuyan tələbələr dünyada gedən bütün prosesləri izləmək iqtidarında olacaqlar.

Əsas məsələ odur ki, biz dünyada mövcud olan ən müsbət təcrübəni götürək, Azərbaycanda tətbiq edək, mövcud olan vəziyyətə uyğunlaşdıraq. Beləliklə, gənc nəsil peşəkar kadrlara çevriləcəkdir. Mən sizi bu gözəl nailiyyətlə bağlı bir daha təbrik etmək istəyirəm. Universitetin rəhbərliyinə öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bu işi çox yüksək səviyyədə aparırlar.

Təhsil bizim gələcəyimizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca sahədir. Təsadüfi deyil ki, təhsil sahəsinə Azərbaycanda indi çox böyük diqqət göstərilir. Orta məktəblərdə böyük quruculuq işləri gedir. Azərbaycanda son illər ərzində 1200-dən artıq məktəb tikilibdir, yüzlərlə məktəb təmir olunur və bu proses gələn il də davam etdiriləcəkdir. Bütün məktəblərdə kompüterləşmə prosesi gedir ki, uşaqlar gənc yaşlarından artıq kompüterlə tanış olsunlar və sonra ali məktəblərə daxil olanda bu, onlar üçün yenilik olmasın. Ali məktəblərdə də təhsil prosesinin inkişafında böyük işlər görülməlidir. Bir daha demək istəyirəm ki, bu sahədə aparılan işlər bütövlükdə məni qane edir, ancaq əlbəttə ki, islahatlar davam etdirilməlidir. Ən qabaqcıl, dünya miqyaslı ali məktəb heç vaxt əldə edilmiş nailiyyətlərlə kifayətlənmir. Bu, daimi prosesdir, daim islahat tələb edən sahədir. Əlbəttə ki, dünyada elmi-texniki tərəqqinin bütün yeniliklərini bilmək, onları qavramaq, qabaqcıl ali məktəblərlə əlaqə yaratmaq təhsil prosesinin inkişafında mühüm rol oynayacaqdır. Azərbaycan da bu yolu seçibdir.

Biz beynəlxalq əməkdaşlıq sahəsində də çox uğurlu addımlar atırıq, Bolonya prosesinə qoşulmuşuq. Bolonya prosesi çərçivəsində tələbə mübadiləsi daha sürətlə getməlidir. Azərbaycan gəncləri dünyanın aparıcı ali məktəblərində oxumalıdırlar. Bilirsiniz ki, bunu təşkil etmək üçün bu yaxınlarda xüsusi Sərəncam da imzalanmışdır və bu il ilk tələbələr dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir. Orada dövlət vəsaiti hesabına təhsil alacaq, sonra Vətənə dönəcəklər. Lap tutaq ki, bəziləri Vətənə dönməsə də, yenə Azərbaycan elçiləri olacaqlar və gec-tez yenə də onlar Vətənə qayıdacaqlar. Çünki xalqımız çox vətənpərvər xalqdır və biz hamımız öz Vətənimizi çox sevirik, gənclərimiz də vətənpərvərlik ruhunda tərbiyə alırlar. Bu, böyük bir inkişaf prosesinin başlanğıcıdır. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələrə nail olacağıq. Azərbaycanda çox peşəkar kadr təbəqəsi, bütün müasir tələblərə cavab verən kadrlar yaranacaqdır. Bu sahəyə böyük diqqət göstərilir.

Bildiyiniz kimi, indi dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın timsalında biz bunu görürük.

Bizə yeni, bilikli, dünyada biznes mühitini yaxşı bilən peşəkar menecerlər lazımdır. Azərbaycanın iqtisadi inkişafı o qədər sürətlə gedir ki, hər sahədə yeni kadrlar lazımdır. Bildiyiniz kimi, bəzi hallarda Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə, yaxud da Azərbaycan şirkətlərində menecer vəzifələrinə xaricdən mütəxəssislər dəvət olunur. Bəlkə də, ilkin mərhələdə buna ehtiyac var, amma mən hesab edirəm ki, ən aparıcı vəzifələrdə Azərbaycan kadrları olmalıdırlar. Bunu etmək üçün onların bilik səviyyəsi yüksək olmalıdır, onlar dünya miqyasında biznes menecmentinin nə olduğunu yaxşı bilməlidirlər və öz peşəkarlığını göstərməlidirlər. Bax, Azərbaycan Dövlət İqtisad Universitetinin bu işdə çox böyük əməyi var və çox böyük töhfəsi olacaqdır.

Bu gün rektor Şəmsəddin Hacıyev mənə məlumat verdi ki, əmək yarmarkalarında universitetin məzunlarına çox böyük maraq, çox böyük tələbat var. Həm dövlət qurumları, həm özəl şirkətlər görəndə ki, bilikli, savadlı gənc mütəxəssislər var, əlbəttə, onları çox böyük həvəslə işə cəlb edirlər. İndi Azərbaycanda iqtisadi artım o səviyyəyə çatıb ki, bizdə maaşlar da qalxır, biznes imkanları yaxşılaşır, investisiya mühiti inkişaf edir. İndi ölkəmizdə iqtisadi artım bu gün dünyada analoqu olmayan sürətlə gedir və siz də bunu çox yaxşı bilirsiniz. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu gözəl dinamikanı daha da yüksəldək. İqtisadi proqramların həyata keçirilməsi, siyasi xəttin uğurla davam etdirilməsi eyni zamanda, gənc, peşəkar kadrların yetişdirilməsi ilə müşayiət olunmalıdır. Məhz bu təqdirdə biz istəyimizə nail ola biləcəyik.

Bizim çox zəngin neft-qaz ehtiyatlarımız var. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və uğurla davam etdirilən neft strategiyamız Azərbaycana həm ölkə daxilində, həm də beynəlxalq əməkdaşlıq müstəvisində çox böyük nailiyyətlər gətiribdir. Bizim iqtisadi uğurlarımız sosial məsələlərin həllinə də öz təsirini göstərir. Bütün bunlarla bərabər, humanitar sahəyə böyük diqqət göstərilməlidir və ilk növbədə, təhsilə. Mən buna bir də qayıtmaq istəyirəm, tam əminəm ki, bizim gələcəyimiz təhsillə bağlıdır. Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Bizdə də belə olmalıdır. Biz də buna hazırıq. Belə gözəl təhsil ocaqları var.

İndi informasiya-kommunikasiya texnologiyalarına böyük diqqət göstərilir və Azərbaycan bu sahədə regionda artıq liderlik mövqelərini gücləndirir. Yəni bütün imkanlar var. Ölkəmizdə çox gözəl ab-hava var. Çox gözəl işlər görülür. Bütün ölkə, həm Bakı şəhərimiz, həm də rayonlar hər bir sahədə və hər bir istiqamətdə yeniləşir. Mən bu gözəl gündə sizinlə bərabər bu yeniliklərə sevinirəm. Bir daha demək istəyirəm ki, bu gün burada gördüklərim məni çox sevindirir. Mən arzu edirəm ki, Azərbaycanın bütün ali məktəbləri bu səviyyədə olsun.

Ancaq bu o demək deyil ki, siz bu görülən işlərlə kifayətlənməlisiniz. Daha da inamla irəliyə getməliyik. Bütün Azərbaycan xalqı indi çox sürətlə gedən bütün bu gözəl işləri görür. Ölkəmiz çox sürətlə inkişaf edir və bu inkişafda hər bir vətəndaşın öz payı vardır. Xüsusilə də müəllimlərin, gənc nəslin. Belə olan halda, ölkəmizin gələcəyi çox parlaq və uğurlu olacaqdır.

Mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

www.president.az

This entry was posted in Random. Bookmark the permalink.

One Response to President Ilham Aliyev attended inauguration of new building of Azerbaijan State Economic University

  1. Patriot says:

    uydaaaaaaaaaaaaaaa

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s